Digər meliorativ tədbirlər

 

Arxeoloji qazıntılar nəticəsində əldə edilmiş məlumatlara əsasən Naxçıvan regionunda hələ b.e.ə.V-IV minillikdə əkinçilik mədəniyyəti mövcud olmuşdur. III-II minillikdən başlayaraq əkinçilik əhalinin əsas məşğuliyyət sahələrindən birinə çevrilmişdir. Bu ərazidə suvarma sisteminin izləri ilə subut olunmuşdur. Züvar arxının qalıqları bunu bir daha təsdiq etmişdir.

Başlanğıcını Arpaçaydan götürən “Fərhad” arxı öz qədimliyi və suvardığı əkin sahəsinin həcminə görə regionun suvarma əkinçiliyi tarixində mühüm əhəmiyyət kəsb etmişdir. Ümumiyyətlə tarixi mənbələrdə Naxçıvan ərazisinin suvarma əkinçiliyi tarixi Azərbaycan Respublikasının və ona qonşu olan ərazilərin suvarma əkinçiliyi tarixindən daha qədimdir.

Naxçıvan ərazisində qədim suvarma mənbələri əsasən çaylar, kəhrizlər, bulaqlar, göllər və nohurlar olmuşdur. Suvarma sisteminin əsasını isə çaylar təşkil etmişdir. Çay sularından suvarmada istifadə etmək üçün, onun müəyyən hissələrində bənd və ya dəhnə tikirdilər. Naxçıvan çayları coşqun və dalğalı olduğu üçün bənd və dəhnələr vaxtında bərpa və təmir olunurdu.

Keçmişdə bəndlər və qurğulardan istifadə etmişlər. Gilançayda daşdan hörülmüş bəndin qalıqları indi də qalmaqdadır. Qahabçayı üzərindəki “Vəkil bənd”i son dövrə qədər qalmışdır.

Nohur və göllərdən əkinlərə suyu aparmaq üçün arxlardan istifadə olunurdu. Bəzən yay aylarında (suvarm zamanı) çaylarda su azaldıqda həmin arxlarla gölün suyu çaylara buraxılırdı. Təbii (sonralar bənd tikilmişdir) göl sayılan Qanlı göldən ana arxla həm Kükü kəndinin əkinlərini suvarmaq, həm də Naxçıvançaya su axıtmaq üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində hazırlanmış bir məlumatda suvarma suyuna olan ehtiyacı nəzərə alaraq qeyd edilmişdir: “Naxçıvan qəzasında su işi çətindir. Arpaçayı nəzərə almasaq, qalan çaylar az suludur”. Həmin məlumata əsasən Naxçıvançay 13117 desyatin yararlı torpaqdan 8200, Cəhriçay 2170 desyatindən 1214, Əlincəçay 3088 desyatindən 1800, Vənəndçay və Gilançay 6957 desyatindən 5202 desyatin sahəni suvarırıdısa, Arpaçay 13103 desyatin yararlı əkin sahəsindən 12943 desyatin əkin sahəsini su ilə təchiz edirdi. Xok su dairəsində ( Qarabağlar, Xok, Şahtaxtı, Qıvraq, Qabıllı və Yurdçu ) 162 kəhriz və 88 çeşmə olmuş və hər il 3600 desyatin əkin sahəsindən yalnız 1185 desyatin əkin  sahəsi suvarılırdı.

1966-70-ci illər ərzində muxtar respublikada bir çox suvarma şəbəkələri tikilib istifadəyə verildi. 1969-cu ilin yayınadək 7830 ha əkin sahəsinin su təminatı yaxşılaşdırıldı. 2330 ha yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb edildi və 54 km uzunluğunda müxtəlif kanallar çəkildi. O cümlədən Şərur rayonunda qurulmuş 1,2,3 saylı Sədərək və Şərur nasos stansiyalarının qüvvəsi ilə 7100 ha sahədə torpaların suvarma vəziyyəti yüksədildi.

1998-2003-cü illər ərzində muxtar respublikanın ayrı-ayrı ərazilərində 15 yeni nasos stansiyası quraşdırıldı, 25 dən çoxunda isə təmir-bərpa işləri aparıldı. Bu nasos stansiyalarının istifadəyə verilməsi ilə 13278 ha əkin sahəsi su ilə yaxşı təmin olundu.

2005-ci ildə Heydər Əliyev su anbarının istifadəyə verilməsi ilə Babək, Şahbuz və Culfa rayonlarında 6919 ha torpaq sahəsi əkin dövriyyəsinə daxil edildi, 9911 ha sahənin suvarma  vəziyyəti yaxşılaşdırıldı. Muxtar respublikada ikinci böyük dəryaça hesab olunan Vayxır  dəryaçası həmçinin Babək, Şahbuz və Culfa rayonlarının birlikdə 16830 ha əkin sahələrinin də suvarma şəraitinin yaxşılaşdırılmasına səbəb oldu.

2014-19-cu illər ərzində Sədərək və Kəngərli rayonlarında yeni nasos stansiyalaının tikintisi ilə 7200 ha, Babək, Culfa və Kəngərli rayonlarında qapalı suvarma şəbəkələrinin tikintisi ilə 4136 ha torpaq sahəsi yeni əkin dövriyyəsinə daxil olmaqla torpaların su təminatı yaxşılaşdırıldı.

Naxçıvan Muxtar Respublikasında əkinə yararlı torpaqlar 162000 hektardan çox sahəni təşkil edir. Hələlik onların irriqasiya cəhətdən hazır olan 62000 hektarından istifadə olunur.

 

 

      

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi.
Dizayn və proqramlaşdırma Nakhinternet