Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya

və Su Təsərrüfatı Komitəsi haqqında

Ə S A S N A M Ə

I. ÜMUMİ  MÜDDƏALAR

 

     1. Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi (bundan sonra – Komitə) Naxçıvan Muxtar Respublikası ərazisində Meliorasiya və Su Təsərrüfatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

      2. Komitə öz fəaliyyətindəAzərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

      3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və Muxtar Respublikada qeydiyyatdan keçən qeyri – hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

     4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakını, xəzinə və bank hesablarını, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanka malikdir.

      5. Komitənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

      6. Komitə Naxçıvan şəhərində yerləşir.

 

 II. KOMİTƏNİN  FƏALİYYƏT  İSTİQAMƏTLƏRİ

 

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. meliorasiya və su təsərrüfatısahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. meliorasiya və su təsərrüfatısahəsinin inkişafını təmin edir;

7.3. meliorasiya və su təsərrüfatısahəsində qanunvericilikdə nəzərdə tutulmuş dövlət meliorasiya xidmətlərini, habelə su təchizatı və kanalizasiya sistemi xidmətlərini həyata keçirir, bu sahədə Muxtar Respublika üzrə və rayon səviyyəli proqramlar hazırlayır;

7.4. qanunvericiliyə uyğun olaraq bütün torpaq istifadəçilərini və birlikləri suvarma suyu ilə təmin edir;

7.5. yerüstü və yeraltı su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin (Sudan İstifadə Edənlər Birliklərinin istifadəsində olan sistemlər istisna olmaqla) istismarını, mühafizəsini və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində dövlət nəzarətini həyata keçirir;

7.6. yeraltı içməli su mənbələrindən, o cümlədən kəhrizlərdən səmərəli istifadəni və onlara nəzarəti təşkil edir;

7.7. içməli suya olan tələbatı müəyyən edir, əhalini içməli su ilə təmin edir;

7.7-1. içməli və suvarma suyuna olan tələbatı  nəzərə almaqla subartezian quyularının qazılmasını və istismarını təmin edir;

7.8. suqoruyucu meşə zolaqlarının salınması və qorunmasını, meliorasiya və su təsərrüfatı sahəsində servis xidmətlərini həyata keçirir, hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarət edir;

7.9. hüquqi və fiziki şəxslər tərəfindən sudan istifadə qaydalarına və normalarına əməl olunmasına nəzarət edir;

7.10. qanunvericliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

 

8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir.

8.1. meliorasiya və su təsərrüfatı sahəsində normativ tənzimləməni həyata keçirmək;

8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.5. meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmir – bərpa, əsaslı tikinti, quyuların  qazılmasıvə yenidənqurma işlərinin aparılmasını təmin etmək;

8.6. içməli su qurğularının yeni texnologiyalar əsasında qurulması və əhalinin içməli su ilə təchizatı sahəsində müvafiq tədbirlər həyata keçirmək, verilən içməli suyun keyfiyyətli olmasını təmin etmək;

8.7. yaşayış məntəqələrində su və kanalizasiya təsərrüfatının inkişafı məqsədilə müvafiq icra hakimiyyəti və bələdiyyə orqanı ilə birlikdə tədbirlər proqramı hazırlamaq və həyata keçirmək;

8.8. su sayğaclarının quraşdırılması, yoxlanılması və təmirini həyata keçirmək;

8.9. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericilikdə nəzərdə tutulmuş sanitar – mühafizə zonalarını yaratmaq və ona nəzarət rejiminin həyata keçirilməsini təmin etmək;

8.10. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin işi üzrə tabeliyində olan təşkilatların fəaliyyətini təşkil etmək və onlara nəzarəti həyata keçirmək;

8.11. qanunvericiliklə müəyyən edilmiş qaydada suların dövlət uçotunu və Dövlət Su Kadastrını (sulardan istifadə bölməsi üzrə) aparmaq;

8.12. Kəhrizlərin, meliorasiya – irriqasiya, içməli su – kanalizasiya sisteminin və digər hidrotexniki qurğuların pasportlaşdırılmasını və kadastrını aparmaq.

8.13. suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu təşkil etmək və monitorinqini aparmaq;

8.13-1. içməli və suvarma suyu ilə təminatı yaxşılaşdırmaq məqsədilə subartezian quyuları qazmaq və istismarını təmin etmək;

8.14. hövzə və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını, yerüstü su ehtiyyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlamaq;

8.15. su obyektlərinin, su mühafizə zonalarının və sahil mühafizə zonalarının ölçülərini, sərhədlərini və istifadəsini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla müəyyən etmək və təsdiq olunmaq üçün aidiyyəti üzrə təqdim etmək;

8.16. meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını və onların qorunmasını təmin etmək;

8.17. suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər həyata keçirmək;

8.18. dövlət mülkiyyətində olan su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarının doldurulub – boşaldılma rejimini müəyyən etmək;

8.19. beynəlxalq təşkilatlar və maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alınan, müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, vəsaitin sahə üzrə məqsədyönlü istifadəsinə nəzarət etmək;

8.20. dövlət əmlakından səmərəli istifadəyə səlahiyyəti dairəsində nəzarəti həyata keçirmək;

8.21. qanunvericiliyə uyğun olaraq səlahiyyətlərinə aid məsələlərə dair tarif siyasətinin formalaşmasında iştirak etmək, sudan pullu istifadəni həyata keçirmək, meliorasiya və su – kanalizasiya təsərrüfatı sahəsində servis xidmətlərinin göstərilməsini təşkil etmək;

8.22. qanunvericilikdə müəyyən edilmiş qaydada malların alınması, xidmətlərin göstərilməsi, işlərin görülməsi üçün dövlət satınalmalarının təşkilini həyata keçirmək;

8.23. sərhədboyu sularda meliorasiya və irriqasiya sistemləri və qurğuları yaratmaq;

8.24. müəyyən edilmiş hallarda və qaydada səlahiyyətləri daxilində su məsələlərinə dair keçirilən beynəlxalq tədbirlərdə (forumlar, simpoziumlar, konfranslar, seminarlar və s.) iştirak və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

8.25. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sitemlərində maneələrin yaradılması, su axınının qarşısının özbaşına kəsilməsi və göllərdə suyun buraxılması hallarına nəzarət etmək;

8.26. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyeklərin tikiləcəyi yerləri müəyyənləşdirmək;

8.27. Komitənin səfərbərliyə hazırlığını təmin etmək, habelə bilavasitə tabeliyində olan təşkilatların səfərbərliyə hazırlıq üçün fəaliyyətini əlaqələndirmək;

8.28. Komitənin tabeliyində olan struktur vahidlərinin büdcə vəsaitinə tələbatını müəyyənləşdirmək və aidiyəti üzrə təqdim etmək;

8.29. Komitənin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün müvafiq proqramlar və icmal xərc smetaları tərtib etmək;

8.30. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün, habelə bilavasitə tabeliyində olan qurumlar tərəfindən istifadə edilən məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını hazırlayıb təsdiq etmək, həmin vəsaitin təyinatı üzrə istifadəsi üzərində qanunvericiliyə müvafiq olaraq nəzarəti həyata keçirmək;

8.31. sərhəd su obyeklərindən istifadənin, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin etmək;

8.32. daşqın zonalarının və onların mühafizə zolaqlarının layihələşdirilməsini və onların müəyyən olunmuş qaydada təsdiq edilməsini həyata keçirmək;

8.33. əhalinin sağlamlığının və ətraf mühitin qorunması məqsədi ilə səlahiyyətləri daxilində su obyektlərindən və onların bir hissəsindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək üçün müvafiq təqdimatlar hazırlayıb təqdim etmək;

8.34. hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq qurğuların təhlükəsizlik qaydalarını hazırlamaq, onların dövlət reyestrini aparmaq, bu sahədə normativ hüquqi aktların hazırlanmasında iştirak etmək;

8.35. qanunvericiliklə müəyyən edilmiş qaydada su obyektlərinin monitorinqini aparmaq;

8.36. meliorasiya və su təsərrüfatı sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması üçün lazımi iş aparmaq;

8.37. tabeliyində olan təşkilatların rüblük və illik mühasibat hesabatlarına və balanslarına baxmaq və təsdiq etmək;

8.38. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

8.39. işçilərin sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;

8.40. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.41. Komitənin fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin müyyən edilmiş qaydada komplektləşdirilməsini, saxlanmasını və uçotunu təmin etmək;

8.42. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi – texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.43. qanunvericiliyə uyğun olaraq dövlət sirrini və məxfi iş rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət sistemlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

8.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet sayıtının yaradılmasının malik olduğu və siyasi qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin sayıtda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.45. Komitənin strukturunu və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.46. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. KOMİTƏNİN HÜQUQLARI

 

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. meliorasiya və su təsərrüfatı sahəsinə aid olan qanunvericilik aktlarının

layihəsinin    hazırlanmasında    iştirak  etmək,    səlahiyyətləri    daxilində                                                                              

qanunvericiliklə müəyyən olunmuş qaydada bu sahə üzrə normativ hüquqi aktar qəbul etmək;

9.2. səlahiyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər)  barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.3. Komitənin sisteminə daxil olan müəssisə, idarə və təşkilatlara səlahiyyətləri daxilində əmr və göstərişlər vermək, onların icrasına nəzarət etmək, onlar tərəfindən qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ləğv etmək;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxaq əməkdaşlığı həyata keçirmək, səlahiyyətlərinə aid edilən məsələlər barəsində xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq müqavilələrin (sazişlərin) hazırlanmasında iştirak etmək;

9.5. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək, müstəqil ekspertlərin və mütəxəssislərin qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.6. meliorasiya və su təsərrüfatı obyektlərinin layihələrinin dövlət ekspertizasını aparmaq;

9.7. sudan istifadəni yaxşılaşdırmaq üçün su istifadəçilərindən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvafiq tədbirlərin görülməsini tələb etmək;

9.7-1. içməli və suvarma suyuna olan tələbatı ödəmək məqsədilə subartezian quyuları qazmaq və istismarını təmin etmək;

9.8. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrini təsdiq etmək;

9.9. su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanmasında iştirak etmək;

9.10. səlahiyyətləri daxilində su təchizatı və kanalizasiya sisteminin  yaxşılaşdırılması və inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq etmək;

9.11. qanunvericiliyə müvafiq olaraq su obyeklərindən balıqçılıq üçün istifadəni razılaşdırmaq, sututarları və ya onların müəyyən hissələrini idman və həvəskar balıq ovu üçün ayırmaq;

9.12. səlahiyyətləri daxilində su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə edilməsinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada razılıq vermək və ya tullantı sularının su obyektlərinə axıdılmasını məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək;

9.13. qanunvericiliyə uyğun olaraq, səlahiyyətləri daxilində, su mühafizə zonalarındakı torpaqların istifadəsinə razılıq vermək və bu ərazidəki fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;

9.14. içməli su ehtiyyacları üçün nəzərdə tutulan su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə edilməsini aradan qaldırmaq;

9.15. su təchizatı və kanalizasiya obyektlərinin istismarı və sanitar mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək;

9.16. su obyektlərinin bərpası və mühafizəsi sahəsində bələdiyyələr və su istifadəçiləri ilə hövzə sazişləri bağlamaq;

9.17. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müəyyən müddət üçün yerüstü və yeraltı su ehtiyyatlarından istifadənin son həddini göstərən limitlər və kvotalar müəyyən etmək;

9.18. Komitənin fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinə müəyyən edilmiş qaydada sərəncam vermək;

9.19. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yerüstü və yeraltısu ehtiyyatlarından istifadəyə icazə vermək;

9.20. qanunvericiliklə müəyyən edilmiş hallarda sudan istifadə qaydalarının pozulmasına görə müəyyən edilmiş ödənişlərin vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət etmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr  aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.22. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.23. qanunvericiliklə nəzərdə tutlmuş digər hüquqları həyata keçirmək.

 

V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Komitənin aparatı, onun strukturuna daxil olan qrumlar və tabeliyində olan digər qrumlar (hüquqi şəxslər, təşkilatlar və s.) Komitənin sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Komitənin strukturu və işçilərinin ümumi say tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qrumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Komitənin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Komitənin sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

 Komitənin sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

14.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatını,

yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Komitənin aparatının işçilərinin, yerli və digər orqanlarının rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərini isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarları ləğv edir;

14.7. Komitəni təmsil edir.

15. Komitədə Komitənin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Komitənin kolegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının rəhbərləri, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri – hökumət  təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

 

22. Müvafiq sahədə elmi – texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi – texniki şura yaradıla bilər. elmi – texniki şura haqqında əsasnamə orqanın rəhbəri tərəfindən təsdiq edilir.

 

 

Komitənin əsasnaməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

09 iyun 2010-cu il tarixli 201-III FR saylı Fərmanı ilə təsdiq olunub.

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

01 iyul 2014-cü il tarixli 113-IV FR saylı

 Fərmanı ilə edilmiş əlavə və dəyişikliklərlə birlikdə son variant

 

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi.
Dizayn və proqramlaşdırma Nakhinternet